Jul 06, 2015 11:09
Yunanıstan Avropa Birliyi üçün nədirsə, Azərbaycanda Avropa Şurası üçün odur. Yunanıstanın dövlət borcu bir illik istehsaldan çoxdur, Azərbaycanın yerinə yetirilməmiş dövlət öhdəlikləri isə 15 ilin gözləntilərini üstələyir.
İndiyədək rəsmi Bakı deyirdi ki, AŞ qarşısındakı bütün öhdəliklərini icra edib. AŞPA-nın ən yeni qətnaməsindən sonra bu yalan daha yerimir.
Bəli, ölkəmizin Şura dəyərlərinə sədaqət borcu var. Ya o borc ödənilməlidir, ya da Avropa evindən köçməliyik “milli-mənəvi dəyərlər” daxmamıza - necə ki, Yunanıstan eurodan öz draxmasına köçə bilər.
Kameralar qarşısına cıxıb da Şuranı tərk etmək niyyətini dövlətin adından səsləndirəcək cəsarətdə adam bu rejimdə yoxdu. Twitterdə “Novruz Məmmədov” ləqəbi arxasında gizlənirlər. İstərsiz gülün, istərsiz acıyın özünü dövlət yiyəsi hesab edənlərin halına.
Bununla belə Avropa Şurasına qarşı açılan ağ yalanyaxma kampaniyası noyabrda keçiriləcək parlament seçkilərimizi bu qurumda üzvlük haqqında ictimai rəy sorğusuna çevirir.
Təklif edirəm bunu rəsmiləşdirək, yəni elə Yunanıstan kimi referendum keçirək. Kim Avropa Şurasından cıxmağın tərəfdarıdırsa, bunu açıq desin, ləqəblər arxasında gizlənməsin.
Referendumda xalq Avropanı seçərsə, onda qışqır-bağırların bəhanəsi olmayacaq və dövlət öz öhdəliklərini yerinə yetirməli olacaq.
Yox, əgər xalq rüşvəti, inhisarı, haqq və şüur tapdalanan məktəbləri, məhkəmə özbaşnalığını, korrupsiyadan doğan poliuretan atəşpərəstliyini, gözünü neftin qiymətinə dikməyi seçərsə, deməli yolumuz elə oradır.