Hicab şüvənliyi

Dec 09, 2010 15:23

Artıq neçə müddətdir ki, orta məktəblərdə çadra (çadranın adını dəyişib hicab qoymaqla mahiyyət dəyişmir) ilə bağlı şüvənlik səngimək bilmir. Əslində nə baş verir?

1. Əvvəlcə Azərbaycan Respublikasının Konstitusiyasına baxaq.

Maddə 42. Təhsil hüququ
I. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.
II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.

Deməli, təhsil almaq konstitusyon hüqudur və bu hüquqdan heç kimi heç bir halda məhrum etmək olmaz. Həmin maddənin 3-cü bəndinə diqqət yetirin: Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Əgər dövlət dünyəvidirsə, deməli təhsildə özünün dünyəvi qanunlarını tətbiq etməlidir. Bu isə “Təhsil haqqında” qanunla tənzimlənir.
“Təhsil haqqında” qanunun 14.10-cu maddəsinə görə “Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində təhsilalanların geyim fоrmaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir”.
Bax burada məsələ aydınlaşa bilər. Elə bu maddəyə istinad edib, mollalar hicabla bağlı məsələyə insan haqlarının pozulması prizmasından yanaşmaqdansa, əvvəlcə zəhmət çəkib nazirlikdən geyim qaydalarının təsbit olunacağı məktəb nizamnamələrinin niyə hələ də mövcud olmamasını tələb etsinlər. Axı təhsil haqqında qanunun qəbulundan bir ildən çox vaxt keçib. Amma nədənsə bunun üstündən həm nazirlik yetkililəri, həm də mollalar sükutla keçməyə üstünlük verirlər. Görünür belə vəziyyətin qalması hər iki tərəfə sərf edir. Bu məsələnin hüquqi tərəfi.

2. Bilirsiniz ki, Türkiyə bu problemi artıq neçə illərdir yaşayır. Hicabla bağlı məsələ Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) qədər gedib çıxmış, nəticədə Türkiyə məhkəmələrinin qərarları qüvvədə saxlanılmışdır. Qərar bununla əsaslandırılmışdır ki, TC dünyəvi dövlət olduğundan bu ölkənin orta məktəblərində hicabla bağlı qadağa qərarı TC qanunvericiliyi ilə ziddiyyət təşkil etmir. Hətta AİHM bu şikayəti dinin siyasi alətə çevrilməsi kimi qiymətləndirmişdir. AİHM-in bu qərarının bizim üçün də keçərli olduğunu nəzərdən qaçırmamalıyıq. Onu da qeyd edim ki, AİHM -in İtaliya məhkəməsinin məktəblinin məktəb daxilində boynunda xaç gəzdirməsini qadağan edən qərarını qüvvədə saxlaması kimi fakt da mövcuddur. Bu qərarı onunla əsaslandırmışdır ki, dünyəvi dövlət olan İtaliyada dövlət məktəblərində (bu çox mühüm məsələdir!) dini simgələrin gəzdirilməsini və saxlanmasını qadağan etməklə İtaliya məhkəmə instansiyaları ölkə qanunvericiliyinin tələblərini pozmamışdır.
Hər iki nümunədən görünür ki, mollaların hicabı insan haqlarının quyruğuna bağlamasını dini spekulyasiyadan başqa bir şey hesab etmək olmaz. Bu da sizə AİHM. Kimə “do” gəlirsiniz?

3. 18 yaşına çatmamış qızların öz istəkləri ilə hicaba bürünmələrinin səmimiliyinə inanmıram. Burada səmimiyyətdən daha çox başqa ölkələrin maraqlarının dayandığını sezməmək mümkün deyil. Doğrudur, siz bunu mənim subyektiv fikrim kimi də qəbul edə bilrəsiniz.

4. Nəhayət, hicabı insan haqlarının vacib elementi sayan DEVAMM və onun darğaları nədənsə Azərbaycanda, İranda və digər islam ölkələrində insan haqlarının qoyun qığı qədər dəyəri olmadığını niyə bircə dəfə də olsun dilə gətirmirlər? Yoxsa insan haqları elə hicabla məhdudlaşır? Məgər qızların ayrı haqları yoxdur? Onların digər hüquqlarını hər addımbaşı tapdalayan siz dindarlar deyilsinizmi? Nə oldu, birdən insan haqları, tüpürdüyünüz Avropa dəyərləri yadınıza düşdü?

P.S. “Hicab” sözünün mənası pərdə, örtük deməkdir. Sizə elə gəlmirmi ki, hicab elə insan haqlarını örtmək, qapamaq deməkdir?

P.P.S. Yazının söyüşsüz və emosiyasız alınmasını üzürlü hesab edin:)

din, debillər seriyasından, ölkə

Previous post Next post
Up